
Almaniyanın sağçı “Almaniya üçün Alternativ” (AfD) partiyasının Saksoniya-Anhalt əyalətindəki lideri Ulrix Ziqmund miqrantların ölkədən çıxarılması ilə bağlı qalmaqallı açıqlaması ilə gündəmə gəlib.
“Qafqazinfo” “The Telegraph”a istinadən xəbər verir ki, Ziqmund “remiqrasiya” adlandırdıqları siyasət çərçivəsində sığınacaq axtaran miqrantların Şərqi Almaniyadan deportasiyası zamanı hərbi silahlardan istifadə edilə biləcəyini deyib.
O, Maqdeburqda İsrailin müdafiə şirkəti “Elbit Systems”in Zangerhauzendə istehsal müəssisəsi qurmaq planı ilə bağlı keçirdiyi mətbuat konfransında yerli istehsal olunan silahlardan qanunsuz miqrasiyaya qarşı mübarizədə istifadə edilməsini müdafiə edib.
“Biz, ümumiyyətlə, silah istehsalını pisləmirik, çünki gələcəkdəki remiqrasiya və deportasiya kampaniyası üçün bizə də müvafiq resurslar lazım olacaq”, - Ziqmund deyib.
Onun sözlərinə görə, daxili təhlükəsizlik, milli sabitlik və müdafiə məsələləri də nəzərə alınmalıdır.
Açıqlamadan sonra yaranan etirazların ardınca Ziqmundun ofisi onun sözlərinə aydınlıq gətirib. Bildirilib ki, müdafiə sənayesi yalnız silahlardan ibarət deyil, polis və təhlükəsizlik qüvvələrinin istifadə etdiyi nəqliyyat vasitələri, avadanlıqlar və müdafiə texnologiyaları da bu sahəyə daxildir.
“Silah istehsalı geniş bir sahədir. Buraya təkcə silahlar deyil, həm də Almaniya silahlı qüvvələrinin, polisinin və təhlükəsizlik xidmətlərinin ehtiyac duyduğu avadanlıqlar, nəqliyyat vasitələri, müdafiə texnologiyaları və digər resurslar daxildir”, - Ziqmund isə açıqlamasında bildirib.
O, həmçinin “qanunun icrası, deportasiyaların qətiyyətlə həyata keçirilməsi və real remiqrasiya əməliyyatının mümkün olması” üçün potensialın gücləndirilməsinin vacibliyini vurğulayıb və bunu “dövlətin siyasi məsuliyyəti” adlandırıb.
Bu açıqlamalar Almaniyada ciddi reaksiyalara səbəb olub. BSW deputatı Klaudiya Vitte Ziqmundun fikirlərini tənqid edərək deportasiyaların hərbi əməliyyat olmadığını və hərbi silahlardan istifadə edilə bilməyəcəyini bildirib.
SPD-dən Katya Pahle açıqlamaları “siyasi təhdid”, Yaşıllar Partiyasının deputatları İrene Mixaliç və Feliks Banaszak isə müvafiq olaraq “dərin şok” və “narahatedici” adlandırıblar.
AfD-nin “remiqrasiya” siyasəti qanunsuz miqrantların, xarici cinayətkarların və sığınacaq müraciəti rədd edilən şəxslərin kütləvi şəkildə deportasiya edilməsini nəzərdə tutur.
Qeyd edək ki, Ziqmund 2026-cı ildə Saksoniya-Anhalt əyalətində keçirilən seçkilərdə 43,8 faiz səs toplayıb. AfD isə hökumət qurmaq üçün yetərli çoxluğa malik deyil.
Müxalifət partiyasının açıqlamaları fonunda Almaniya kansleri Fridrix Mertsin “remiqrasiya” siyasətini “dəri rəngi və mənşəyə əsaslanan etnik təmizləmədən başqa bir şey deyil” kimi qiymətləndirməsi də ölkədə müzakirələrə səbəb olub.
